"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı II Respublika elmi konfransı keçirilir.
Konfransı giriş sözü ilə açan BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. BDU-da da Ümummili Liderin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Fuad Kərimli Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Konfransda BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndərin həyat və fəaliyyəti haqqında məruzə edib. Bildirib ki, indi müstəqil Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibi kimi “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftini dünya bazarlarına ixrac edir. Heydər Əliyevin böyük uzaqgörənliklə apardığı neft strategiyası ölkəmizin iqtisadiyyatının, digər qeyri-neft sahələrinin inkişafına təkan verir, onu öz ardınca aparır.
Konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalovun, BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədovun, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun, Bakı Mühəndislər Universitetinin professoru Rəvan Rəhimovun kimyanın müasir problemlərinə həsr olunmuş məruzələri dinlənilib.
Qeyd edək ki, konfransa respublikamızın müxtəlif universitetləri və elmi-tədqiqat institutlarından 230-dan çox tezis qəbul olunub. Konfrans öz işini sabah 4 bölmədə davam etdirəcək.