Home AZRUEN

Bakı Dövlət Universitetində çalışan xarici müəllimlər üçün Novruz şənliyi

17/03/2015

Bu gün Bakı Dövlət Universitetində çalışan xarici müəllimlər üçün Novruz şənliyi keçirilib. Universitetin rektoru,akademik Abel Məhərrəmov tədbir iştirakçılarını, o cümlədən Bakı Dövlət Universitetində çalışan xarici müəllimləri Novruz bayramı münasibətilə təbrik edib. Rektor martın 21-nin BMT Baş Assambleyasının müvafiq qərarı ilə Beynəlxalq Novruz Günü elan olunduğu, eləcə də YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edildiyi vurğulayıb.

Rektor Abel Məhərrəmov, eyni zamanda, Bakı Dövlət Universitetinin tarixi  və bu günündən, beynəlxalq əlaqələrindən bəhs edib. Universitetin 70-dən artıq ölkənin 300-dən çox ali təhsil və elm müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən rektor, tələbə-müəllim mübadiləsi, birgə tədqiqat, elmi konfrans və seminarların keçirilməsi istiqamətindəki işlərdən danışıb. Hazırda Bakı Dövlət Universitetində ABŞ, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, Çin, Yaponiya, Koreya, İran və başqa ölkələrdən 40-a yaxın  mütəxəssisin dərs dediyini diqqətə çatdıran rektor, həmin müəllimlərin Azərbaycan gənclərinin daha yüksək təhsil almasına yönəlmiş zəhmətlərini xüsusilə qeyd edib.

Daha sonra  Beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova təqdimat edib.

Tədbir xor və rəqs kollektivinin iştirakı ilə keçirilən bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, bayram münasibətilə xalqımızın adət-ənənələrinə uyğun masalara xonça və səmənilər düzülərək bayram süfrəsi açılıb.






Bookmark and Share
© Baku State University