Home AZRUEN

Bakı Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22/02/2018

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxışında Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayıb. Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla, 613 Xocalı sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirdiklərini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Rektor Abel Məhərrəmov Heydər Əliyev Fondunun, o cümlədən fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra BDU-nun kafedra müdiri, AMEA-nın Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək XX əsrdə azərbaycanlıların dörd dəfə kütləvi qırğınlara, soyqırımlara və etnik təmizləmələrə məruz qaldığını bildirib, Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırımı olmasından bəhs edib.

Daha sonra Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi hazırlanan və Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlə sənədli film nümayiş etdirilib. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi və psixoloji aspektləri təqdim olunub.

Tədbirin sonunda Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Türkan Əhmədova Xocalı haqqında şeir səsləndirib.

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2018-ci il.

Bookmark and Share
© Baku State University