Home AZRUEN

BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb

14/09/2016

2016/2017-ci tədris ilində Bakı Dövlət Universitetinə 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib. Universitetin professor-müəllim heyəti, tələbələr və onların valideynlərinin iştirak etdiyi görüşdə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU-nun Azərbaycan təhsilində tutduğu mövqedən, o cümlədən xalqımızın maariflənməsində müstəsna rolundan bəhs edib. Ümummilli lider Heydər Əliyevin məzunu və fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin tələbəsi adını daşımağın böyük şərəf olduğunu deyən rektor tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Rektorun sözlərindən məlum olub ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Cari ildə BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub.

Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi tədqiqatlarda real iştirakının təmin edilməsi məqsədilə elmi rəhbər kimi bir professor, dosent və ya elmi işçinin təhkim  edilməsi ilə bağlı müəyyən  göstərişlər verib.

Görüşdə sosial elmlər və  psixologiya, mexanika riyaziyyat fakültələrinin dekanları, professorlar - Hikmət Əlizadə və Nizaməddin İsgəndərov çıxış edərək tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda tələbələr adından tarix fakültəsinin birinci kurs tələbəsi İlqanə Kərimova çıxış edib. O, Azərbaycanın ilk universitetinin tələbəsi adını qazandığına, ulu öndər Heydər Əliyevin təhsil aldığı fakültəyə daxil olduğuna görə qürur hissi keçirdiyini bildirib.


Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2016-cı il.

Bookmark and Share
© Baku State University