Home AZRUEN

BDU-da Sivas Cümhuriyyət Universitetinin nümayəndə heyəti ilə görüş olub

07/05/2018

Bakı Dövlət Universitetində Türkiyənin Sivas Cümhuriyyət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Təhsil fakültəsinin dekanı, professor Ali Cura və mütəxəssis Taha Kaya ilə görüş olub. Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova qonaqları salamlayaraq universitetin beynəlxalq əlaqələri, o cümlədən Türkiyə universitetləri ilə uğurlu əməkdaşlıqdan, Erasmus proqramı çərçivəsində Sivas Cümhuriyyət Universiteti ilə son illər həyata keçirilən layihələrdən bəhs edib.

Daha sonra professor Ali Cura təmsil etdiyi universitet, həmçinin tədris proqramları barədə məlumat verib. Sivas Cümhuriyyət Universitetində 10-dan artıq azərbaycanlı müəllimin çalışdığını, mübadilə proqramı çərçivəsində BDU-nu Türkiyədə təmsil edən tələbələrin yüksək hazırlıqlı olduqlarını deyib, bu ali təhsil ocağı ilə münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Tərəflər arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılan görüşdə Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, birgə seminar, konfrans, simpoziumların təşkili, müəllim-tələbə mübadiləsi kimi məsələləri əks etdirən Anlaşma memorandumunun imzalanması ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə BDU-nun Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, Filologiya fakültəsinin dekan müavini, dosent Cavanşir Muradov və Tarix fakültəsinin tyutoru Aytən Quliyeva iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 07 may 2018-ci il

Bookmark and Share
© Baku State University