Home AZRUEN

BDU-da və liseyində Bilik günü

15/09/2016

Bu gün Bakı Dövlət Universitetində Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə danışıb, prezident İlham Əliyevin çağırışı ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib.

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü qeyd edən rektor cari ildə BDU-ya 4798 tələbənin qəbul olduğunu, bunun ötən tədris ilindən 526 nəfər çox oldugunu bildirib. Rektor bildirib ki, qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Bu il Bakı Dövlət Universitetinin bakalavr və magistratura  pillələrində yeni ixtisas və ixtisaslaşmalar açıldığını diqqətə çatdıran rektor, BDU-nun Qazax filialına 8 ixisas üzrə tələbə qəbulu aparıldığını, həmin ixtisaslardan Turizm və otelçilik, Ekologiya və Biologiya müəllimliyinin yeni olduğunu bildirib.

Sonra jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli çıxış edərək tələbələri və onların valideynlərini təbrik edib.

3-cü ixtisas qrupu üzrə 700 bal toplayan Elvin İsayev isə bildirib ki, Bakı Dövlət Universitetini ona görə seçib ki, o, Şərqin ilk dünyəvi ali məktəbi və regionun ən nüfuzlu universitetidir. Eyni zamanda xalqımızın taleyində mühüm rol oynamış bir ali məktəbdir.

Rektor universitetə yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də universitetdə yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planlarının yazılması ilə yanaşı, bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib, kafedra, tədris və elmi-tədqiqat laboratoriyaları əsaslı şəkildə təmir edilib. Təmir-bərpa işləri Bakı Dövlət Universitetinin bütün fakültələrini əhatə edib və əksər auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika fakültəsinin bütün auditoriyalarında təmir işləri aparılıb. Universitet rəhbərliyi jurnalistika sahəsində hər gün baş verən texnoloji yeniliklərə olan tələbatı nəzərə alaraq Tədris-teleradio studiyasının, online auditoriyanın yaradılmasına nail olub. Eyni zamanda Avropa standartlarına uyğun təmir və təchiz edilmiş kitabxana və oxu zalları, Biologiya fakültəsində yeni kompozisiyalar və müqəvvalarla zənginləşdirilmiş Təkamül-təlimi muzeyi istifadəyə hazır vəziyyətə gətirilib, əsas binada, bir və iki saylı tədris korpuslarında Almaniya istehsalı olan 5 ədəd lift istifadəyə verilib.

Yeni tədris ili ərəfəsində Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Belə ki, BDU “QS World University Rankings 2016/2017” reytinqində 701+ yerdə, inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” şirkətinin siyahısında isə 88-ci yerdə qərarlaşıb.

Bu gün həm də BDU-nun nəzdində fəaliyyət göstərən Gənc istedadlar liseyində Bilik günü keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbirdə iştirak edən müəllim və şagirdləri təbrik edib. Rektor builki lisey məzunlarından 2 nəfərin qızıl, 4 nəfərin isə gümüş medala layiq görüldüyünü, məzunların əksəriyyətinin nüfuzlu ali məktəblərə qəbul olduqlarını, bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı doğruldacaqlarını, universitetə şərəf gətirəcəklərinə ümid etdiyini bildirib.  Liseyin direktoru, professor Qasım Hüseynov yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, liseyin uğurlarından bəhs edib.  Tədbirin sonunda 2016-2017-ci tədris ilinin ilk zəngi səslənib.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2016-cı il.

Bookmark and Share
© Baku State University