Home AZRUEN

BDU-nun vyetnamlı məzunları ilə görüş

06/05/2015

Bu gün Bakı Dövlət Universitetində müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, geologiya, fizika, riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrini bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib. General-leytenant, Vyetnam Parlamentinin üzvü, Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini, Azərbaycan-Vyetnam Parlametlərarası dostluq qrupunun rəhbəri, BDU-nun hüquq fakültəsinin 1978-ci il məzunu Tran Dinh Nhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü rektor, akademik Abel Məhərrəmov açıb. Bu günün Bakı Dövlət Universiteti həyatında əlamətdar tarixlərdən biri olduğunu deyən rektor bildirib ki, müxtəlif vaxtlarda universiteti bitirmiş vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də, onlar bizi unutmayıb, hər zaman ürəklərində Azərbaycan sevgisi, Bakı məhəbbəti, Bakı Dövlət Universiteti hörməti yaşadıblar. Vyetnamlı məzunlarımız Bakıda aldıqları diplomla doğma Vyetnamda çox uğurlar qazanıb, orada hörmətli şəxslərə çevrilib, çox yüksək postlara və mükafatlara layiq görülüblər. Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bildirib ki, bizim bu günkü görüşümüz xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsidir. Bu dostluğun beşiyi başında hələ SSRİ vaxtında Vyetnama səfər edən ümummilli lider Heydər Əliyev dayanır. Prezident İlham Əliyevin təxminən bir il bundan əvvəl - 18-19 may 2014-cü il tarixlərində Vyetnama son səfəri  ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına əsaslı töhfə verib. Məhz bu görüşdə Prezident Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi, Azərbaycanda təhsil alan vyetnamlı vətəndaşların Bakıya dəvət olunması məsələlərini qaldırıb və biz bu gün həmin təkliflərin reallaşmasının şahidləriyik. Bizim iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır.  Bu potensialın əsasında Vyetnamın ağır illərində - 70 -80 illərdə Azərbaycanın qardaş münasibəti göstərməsi və böyük bir ziyalı təbəqəsinin məhz Azərbaycanda təhsil alması dayanır.

Azərbaycan-Vyetnam Parlametlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha, öz növbəsində, BDU-da olmaqdan məmnunluqlarını ifadə edib, ölkələrarası münasibətlərin inkişafından razılıqların ifadə edib.

Görüşdə biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və hüquq fakültəsinin kafedra müdiri Firudin Səməndərov keçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.














Bookmark and Share
© Baku State University