Home AZRUEN

“I Avropa oyunları uşaqların gözü ilə”

17/04/2015

Bu gün Bakı Dövlət Universitetində “Gənc istedadlar” liseyi və Nizami rayonu X.Quliyev adına 62 №-li məktəb-liseyin 3-cü sinif şagirdlərinin iştirakı, Parlament Jurnalistlər Birliyinin təşkilati dəstəyi ilə Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş “I Avropa oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq I Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətindən danışan rektor, eyni zamanda, Azərbaycanda idmanın Olimpiya və ya qeyri-Olimpiya növündən asılı olmayaraq bütün növlərinə dövlət qayğısından bəhs edib.

Sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı tədbir iştirakçılarını salamlayıb və keçirilən tədbir haqqında qonaqları məlumatlandırıb.

Bədii kompozisiya hissəsində Avropa ölkələrinin bayraqlarını tutmuş oğlanlar və həmin ölkənin milli geyimini geyinən qızlar musiqi sədalarının müşayiəti ilə səhnəyə daxil olublar. Sonra Azərbaycan bayrağı gətirilib və dövlət himni səsləndirilib. Şagirdlər mübarizə aparılacaq 20-dən çox idman növü üzrə nümunələr göstərib, şahmat fiqurları paltarlarını geyinərək bu oyunu nümayiş etdiriblər. Avropa oyunlarının simvolları olan ceyran və nar musiqi sədaları altında rəqs edirlər. Ceyran deyib: “Qafqaz dağlarından Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcəyəm. Vətənimizin gözəlliklərini nümayiş etdirəcəyəm. Qoy bütün dünya bilsin, Azərbaycan qədim tarixə malik zəngin bir ölkədir. Nar: “Mən naram. Günəşi, yeni idman növlərində iştirak etməyi çox sevirəm. Azərbaycan folklorunda birliyi, qardaşlığı tərənnüm edirəm.

Bir-birindən maraqlı səhnəciklərlə davan edən tədbir Fikrət Əmirovun “Qarabağ mirvarisi“ əsərinin sədaları altında kollektiv rəqslə başa çatıb.

Sonda 62 №-li məktəb-liseyin ibtidai sinif müəlliməsi Mehriban Allahverdiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.






Bookmark and Share
© Baku State University