Home AZRUEN

Kimya fakültəsinin müəllimi Elvin Məlikov XIX Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak edib

23/10/2017

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Elvin Yaşar oğlu Məlikov Rusiyanın Soçi şəhərində keçirilən XIX Ümumdünya Gənclər və Tələbələr Festivalında (19th World Festival of Youth and Students) iştirak edib. 14-22 oktyabr 2017-ci il tarixlərində keçirilmiş festivalda dünyanın 185 ölkəsindən 25214 iştirakçı və 5000 könüllü iştirak etmişdir. Festivada müxtəlif sahələr üzrə qlobal əhəmiyyət kəsb edən mövzular üzrə seminar və müzakirələr təşkil edilmiş, müxtəlif məruzələr dinlənilmişdir. Elvin Məlikov festivalda elm, təhsil və texnologiya istiqamətində müxtəlif diskusiyalara qatılaraq Azərbaycanda bu sahədə atılan addımlar, görülən işlər və tədqiqatlar haqqında festival iştirakçılarını məlumatlandırmışdır.

Ümumiyyətlə, Ümumdünya Gənclər və Tələbələr Festivalı 1947-ci ildə Çexiyanın Praqa şəhərində başlamaqla bu günə kimi 70 ildir ki fəaliyyətdədir. Festivalın məqsədi faşizmə və imperializmə qarşı gənclərin mübarizəsidir. Hər dəfə dünyanın müxtəlif ölkələrində baş tutan festival fərqli sahələrdən və müxtəlif millətlərdən olan yaradıcı və uğurlu gəncləri bir araya gətirərək qlobal sülh məqsədləri altında birləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, E.Y.Məlikov bu ilin iyul ayında Türkiyənin Ankara şəhərində yerləşən Bilkənt Universiteti və Orta Doğu Texniki Universitetinin elmi tədqiqat mərkəzlərində də elmi ezamiyyətdə olmuşdur.





Bookmark and Share
© Baku State University