Home AZRUEN

Kimya fakültəsinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

14/03/2018

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər. Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda istedadlı gənclərdə elmə maraq oyadaraq, gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır. İlk tanışlıq günündə tələbələrə Aşqarlar Kimyası İnstitutunun yaranma və inkişaf tarixi barədə məlumat verilib. Bundan başqa, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında da geniş məlumat verilib. Tələbələr BDU-nun Kimya fakültəsinin institutda yerləşən Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil olunur.

Tələbələr əsasən üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalarda cihazların iş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.

Qeyd edək ki, təcrübə müddəti mart ayının 19-da yekunlaşacaq.

Bookmark and Share
© Baku State University