Home AZRUEN

Nazirlik SABAH qrupuna tələbə qəbulu haqqında elan edib

18/02/2015

Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə yerləşdirilməsi haqqında məlumat yayıb. 2015-2016-ci tədris ili üçün SABAH qruplarına qəbul 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə aparılacaq.

Müsabiqə ilkin mərhələdə akademik göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələdə ingilis dili və məntiq üzrə test imtahanı və son mərhələdə müsahibə şəklində aparılacaq. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsinin bakalavr pilləsində əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilərlər.

Qeydiyyat mərhələsi martın 15-dək davam edəcək. Müraciət etmək istəyən tələbələrdən www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur. Tələbələr elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqlar.

Müsabiqənin ikinci mərhələsi olan test imtahanının aprel ayında keçirilməsi nəzərdə tutulub. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağırılacaqlar.

Qəbul qaydaları və müəyyən olunmuş ixtisaslar haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə etmək mümkündür.

Bookmark and Share
© Baku State University