Home AZRUEN

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif BDU-nun Fəxri doktoru adına layiq görülüb

14/10/2016

Bakı Dövlət Universitetində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

Məhəmməd Nəvaz Şərif öncə universitetin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr urdu dilində Azərbaycan-Pakistan əlaqələri ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini söyləyiblər. Ali qonağın Heydər Əliyev Muzeyi ilə tanışlığından sonra tədbir işini universitetin böyük akt zalında davam etdirib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş tanınmış ictimai-siyasi xadim, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb.

Ali qonaq haqqında məlumat verən rektorun sözlərindən aydın olub ki, Məhəmməd Nəvaz Şərif 1949-cu il dekabrın 25-də Pakistanın Pəncab vilayətinin Laxor şəhərində anadan olub. Pakistan Müsəlman Liqasının sədri olan Məhəmməd Nəvaz Şərif dörd dəfə ölkəsinin baş naziri seçilib və baş nazir olduğu bütün dövrlərdə Pakistan-Azərbaycan əlaqələrinin inkişafına xüsusi önəm verib. Ölkələr arasında yüksək səviyyəli strateji müttəfiqlikdən bəhs edən rektor qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, İslam dünyasının ən böyük və qüdrətli ölkələrindəndir. Rektor onu da bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyini hiss etdirib, Xocalı soyqırımını tanıyaraq ölkəmizə dəstək verib, Qarabağ münaqişəsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə BMT üzvü kimi tarixə düşüb.

Rektor Abel Məhərrəmov iki dövlət arasındakı diplomatik əlaqələrdən də bəhs edib. 1993-cü ildə Pakistanın Bakıda, 1997-ci ildə isə Azərbaycanın İslamabadda səfirliklərinin açıldığını vurgulayıb. Deyib ki, ümummilli lider Heydər Əliyev ölkələr arasındakı dostluq əlaqələrinin inkişafına xüsusi önəm verib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində olmasına  çalışıb. Prezident İlham Əliyev də bu uğurlu siyasəti davam etdirərək əməkdaşlığın ən müxtəlif sahələri üzrə inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da iki qardaş ölkə arasında münasibətlərin güclənməsinə yönəlmiş xüsusi xidmətləri vardır.

Rektor eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, BDU-da dünyanın 14 qabaqcıl dilinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb.

Rektor çıxışının sonunda Bakı Dövlət Universiteti Elmi Şurasının 12 oktyabr 2016-ci il tarixli iclasında Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. Məlum olub ki, ali qonaq “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan Respublikaları  arasında  qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə  görə» BDU-nun Fəxri doktoru adına layiq görülub.

Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2016-cı il.

Bookmark and Share
© Baku State University