HÜSEYNOV SADIQ CAVAD OĞLU
1 may 1883-cü ildə anadan olmuşdur. 1904-cü ildə orta təhsilini Bakı Realnı Məktəbində aldıqdan sonra, Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutuna qəbul olmuş və oranı 1910-cu ildə bitirərək kimyaçı-mühəndis ixtisasına yiyələnmişdir. 1913-cü ildə Kiyev Tibb İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, 1920-ci ildə açılan birillik müəllimlik kurslarının təşkilatçılarından biri olmuş və sonra onun əsasında yaranan Azərbaycan Pedaqoji İnstitutunda 1927-ci ilədək Kimya kafedrasının müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Tibb İnstitutu (ATİ) və Azərbaycan Sənaye İnstitutunda kimyadan mühazirələr oxumuşdur.
1927-ci ildən BDU-da işləmişdir. 1936-cı ildə BDU-da, bir az sonra ATİ-də Qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 1921-ci ildən başlayaraq 1952-ci ilə qədər həmin tədris ocaqlarında kimyadan dərs demiş, Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir.
1939-cu ildə professor, 1943-cü ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır.
Buruq sularından ozon üsulu ilə yodun və bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi, xalq təsərrüfatına lazım olan bir sıra qiymətli kimyəvi birləşmələrin sintezi, ayrı-ayrı kimyəvi elementlərin vəsfi və miqdari təyini üçün yeni, orijinal və dəqiq üsullar işləyib hazırlamışdır. II Dünya müharibəsi illərində cəbhənin ehtiyacını ödəmək üçün lazım olan bir sıra maddələrin alınmasının yeni üsullarını vermişdir. Ana dilimizdə olan ilk orijinal əsəri “Qeyri-üzvi kimya praktikumu” kimyaçılarımızın bir neçə nəslinin yetişməsində böyük rol oynamışdır.