Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən «Ümumi və qeyri-üzvi» kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun «ölkənin kimyalaşdırılması» çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı.
Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər. Bu gün həmin məzunlar arasında millət vəkilləri, ali məktəb rektorları, dövlət xadimləri vardır. BDU-nun 95 illik tarixi ərzində müxtəlif vaxtlarda iki kimyaçı alim, 1954-1958-ci illərdə akad. Y.H.Məmmədəliyev (1905-1961) və akad. A.M.Məhərrəmov (1999-2018) BDU-nun rektoru kimi şərəfli vəzifəyə təyin edilmişlər.
Yarandığı dövrdən fakültəyə dos. Məmmədəmin Hacı Əhməd oğlu Əfəndi (1934-1937); dos. Murtuza Qasım oğlu Əhmədli (1937-1938); dos. Mədət Əli oğlu İskəndərov (1938-1939); dos. Səttar Əbilov (1939-1946); prof. İslam Qafar oğlu Əlizadə (1946-1950); prof. Cümşüd İsmayıl oğlu Zülfüqarlı (1950-1952); prof. Səkinə Əşrəf qızı Ələkbərova (1952-1957; 1981-1983); dos. Qiyas Kərim oğlu Abdullayev (1957-1960); prof. Cəbrayıl Ələkbər oğlu Hüseynov (1960-1967); dos. Bəşir Mikayıl oğlu Mirzəyev (1967-1975); dos. Fikrət Rzaqulu oğlu Babayev (1975-1978); dos. Dəmir Heydər oğlu Qəmbərov (1978-1981); dos. Ənvər Ağamirzə oğlu Bəşirov (1983-1988); prof. Valeh Mehralı oğlu İsmayılov (1988-1993); prof. Abel Məmmədəli oğlu Məhərrəmov (1993-1999); prof. Eldar İsa oğlu Əhmədov (1999-2006) rəhbərlik etmişlər. 2006-cı ildən fakültəyə prof. Abdulsəyid Əbdülhəmid oğlu Əzizov rəhbərlik edir.
Fakültənin professor-müəllim və tədris-köməkçi heyəti, strukturu.
Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 35 tədris laboratoriyası fəaliyyət göstərir.
Ümumi və qeyri-üzvi kimya kafedrası fakültənin ilk kafedrası olaraq 1919-cu ildə tibb fakültəsi nəzdində yaradılmışdır. 1935-ci ildə daha üç kafedra – Üzvi kimya, Analitik kimya və Fiziki və kolloid kimya kafedraları təşkil olunmuşdur. 1943-cü ildə Y.H.Məmmədəliyevin təşəbbüsü ilə Neft kimyası (hazırda Neft kimyası və kimya texnologiyası) kafedrası yaradılmışdır. Yüksəkmolekullu birləşmələr kimyası kafedrası 1964-cü, Kimyanın tədrisi metodikası kafedrası 1987-ci ildən fəaliyyət göstərir.
Fakültədə tədrisin yüksək səviyyədə təşkili və həyata keçirilməsində kimya fakültəsinin dekan müavinləri: Fuad Şəmsəddin oğlu Kərimli, Taleh Orduxan oğlu Qəhrəmanov, Elvin Yaşar oğlu Məlikov, tyutorları: Ellada Sabir qızı Kərimova, Lalə Məmmədağa qızı Həsənova, Aynur Əbülfət qızı İsgəndərova, Röya Əli qızı Səfiyeva, Aysel Hacıyeva, Xanım Məmişova və iş icraçısı Leyla Məhərrəm qızı Hüseynli yaxından iştirak edirlər.
Təşkil olunduğu vaxt kimya fakültəsinin cəmi üç əməkdaşı olmuşdur. Hazırda isə fakültədə təhsil alan tələbə və magistrantın təlim-tərbiyəsi ilə 100-ə yaxın professor-müəllim məşğul olur. Onlardan 3 nəfəri AMEA-nın həqiqi üzvü, 3 nəfəri müxbir üzvü, 25 nəfəri elmlər doktoru, professor, 50 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir. Fakültənin elmi-tədqiqat laboratoriyalarında çalışan 56 əməkdaşından 24 nəfəri elmlər namizədidir. Fakültədə 52 laborant və 14 texniki işçi çalışır.
Tədrisin təşkili və yüksəkixtisaslı kadrların hazırlığı. Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə «Kimya müəllimliyi» ixtisası üzrə «Sabah qrupu» yaradılmışdır. 2011-ci ildən fakültənin «kimya» ixtisasına ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir.
Fakültədə «Kimya», «Kimya mühəndisliyi», «Kimya müəllimliyi» ixtisasları üzrə bakalavr, 15 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.
Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər.
Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta məktəblərində, liseylərində kimya müəllimi kimi kimya fənnini yüksək səviyyədə tədris edə bilərlər.
Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Hazırda fakültədə 1000 nəfərə yaxın bakalavr, 100 nəfərə yaxın magistrant təhsil alır, 27 doktorant və 22 dissertant, 11 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 5 nəfər xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsillərini davam etdirir.
Fakültə Tələbə Elmi Cəmiyyətinin işi gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir. Ali məktəblərarası fənn olimpiadalarına hazırlıq məqsədilə məşğələlər təşkil olunur.
Fakültədə lokal kompüter şəbəkəsi yaradılmışdır. Kafedralarda daxil edilən hər bir informasiya, mərkəzi kompüterdə toplanır. Müəllim və tələbələrin bazası yaradılmış və onun əsasında istənilən hesabatları almaq mümkün olur. Bu bazanın yaradılması dekanlığa işini günün tələbləri səviyyəsində qurmağa imkan verir. Fakültənin rəsmi internet saytında yaradılmış forumda tələbələr, fakültə, müəllimlər və dərslər haqqında müzakirələr aparırlar.
Fakültənin elmi və beynəlxalq əlaqələri. Kimya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurmuş və bu əlaqələr M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, N.D.Zelinski adına Üzvi Kimya İnstitutu, Kazan Dövlət Universiteti, Rusiya Fizioloji Aktiv Birləşmələr İnstitutu, A.T.Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutu (Kazan), Şərqi Sibir EA-nın Favorski adına Üzvi Kimya İnstitutu (İrkutsk), ABŞ-ın Minnesota Universiteti və s. ilə uğurla davam etdirilir. Bundan başqa, fakültənin alimlərinin ABŞ, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Fransa, İsveç, Portuqaliya, İran və s. ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələri vardır. Almaniyanın «Bruker» firması ilə elmi-texniki əməkdaşlıq nəticəsində 2002-ci ildən fakültədə Nüvə Maqnit Rezonansı laboratoriyası yaradılmışdır. Fakültə Almaniyanın «Bruker» firmasının istehsalı olan BRUKER-300 NMR spektrometr, Smart Apexs II-rentgenstruktur difraktometr, Esgüise 6000-kütlə-spektometr və Agilent 1200-maye xromatoqraf kimi müasir cihazlarla təchiz edilmişdir. Sonrakı illərdə bu əməkdaşlığın davamı olaraq fakültədə Rentgen (X-Ray), Xromato-kütlə laboratoriyaları təşkil edilmişdir. Fakültənin alimləri akad. A.M.Məhərrəmov, akad. R.Ə.Əliyeva, AMEA-nın müxbir üzvü prof. M.B.Babanlı, prof. M.R.Bayramov və s. beynəlxalq qrant proqramlarının iştirakçılarıdır. Prof. A.Ə.Əzizov 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinin qalibi olmuşdur.
Qabaqcıl elm mərkəzlərindən Fransanın Montpellier Universiteti ilə əməkdaşlıq xüsusilə qeyd edilməlidir. 2007-ci ildə bu universitet ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi Fransanın Elm və Təhsil Nazirliyində təsdiq edilmişdir. Müqavilə əsasında BDU-nun alim və aspirantlarının qarşılıqlı səfərləri təşkil edilir.