TİXOMİROV VLADİMİR İVANOVİÇ
11 aprel 1881-ci ildə anadan olmuşdur. Peterburq Universitetini bitirdikdən sonra 1911-1914-cü illərdə Peterburq Politexnik İnstitutunda Fiziki kimya kafedrasında assistent vəzifəsində çalışmış, 1921-ci ildə Bakı Dövlət Universitetinin Fizika kafedrasında, 1922-1936-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında və 1936-1946-ci illərdə BDU-nun Fiziki kimya kafedrasının müdiri vəzifəsində işləmişdir. 1930-cü ildə professor adı almışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
Elmi tədqiqatları Bakı neftinin və neft məhsullarının emalı zamanı baş verən mürəkkəb fiziki-kimyəvi proseslər, vulkanik küllərin, gillərin (o cümlədən bentonit gillərin) və bəzi mineralların katalitik xassələrinin öyrənilməsinə aiddir. Bentonit və digər gillərin montmorillonit tərkibini, yuyucu və ağardıcı xassələrini tədqiq etmişdir. 1907-ci ildə nəşr etdiyi üçlü sistemlərin kimyəvi tarazlığına dair məqaləsi sonralar «Tixomirov effekti» kimi kimya ədəbiyyatına daxil olmuşdur.
Azərbaycanda milli kadrların yetişməsində böyük əmək sərf etmişdir. Hazırladığı elmi kadrlara EA-nın müxbir üzvü B.A.Dadaşovu, professor M.Belenkiyni, Ə.İsmayılzadəni, M.Məlikzadəni və s. misal göstərmək olar. Fiziki-kimyaya, termodinamikaya və kolloid kimyaya dair dərsliklərin müəllifidir.