AĞAYEV AĞARƏFİ HİLAL OĞLU
1911-ci ildə anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952-1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildən «qeyri-üzvi kimya» ixtisası üzrə professor adını almışdır. 1971-1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Na, K, Mg-un halogenid, sulfat duzlarının məhlullarının tarazlıq sistemlərinin fiziki-kimyəvi xassələrinin öyrənilməsi sahəsində çox əhəmiyyətli elmi-tədqiqat işləri aparmışdır. Bu sahədə onun 100-dən çox elmi məqaləsi dərc edilmişdir.