SƏTTARZADƏ İSRAFİL SƏTTAR OĞLU
1914-cü ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. 1935-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşdur. 1940-cı ildə BDU-da ali təhsilini başa çatdırmış və həmin ili ordu sıralarına çağırılmışdır. 1944-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində olan Elmi-Tədqiqat Kimya İnstitutunda işləmişdir. 1950-ci ildən başlayaraq BDU-nun Kimya fakültəsində müəllim və dosent vəzifələrində işləmiş, 1965-1983-cü illərdə isə Fiziki və kolloid kimya kafedrasına rəhbərlik etmişdir. 1949-cu ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1967-ci ildə Fiziki kimya ixtisası üzrə professor adına layiq görülmüşdür.
Elmi-tədqiqatları üzvi çöküntülərin çevrilməsindən neftin optiki fəallığının əmələ gəlməsi nəzəriyyəsinin işlənib hazırlanmasına və elmi cəhətdən onun əsaslandırılmasına aiddir. Üzvi aləmin neft mənşəli məhsullara çevrilməsində bentonit gillərin katalitik rolunu aşkara çıxarmışdır. Elmi-tədqiqat işlərinin nəticələri 115 elmi əsərdə ümumiləşdirilmişdir. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.
“Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomunu almışdır.