İSGƏNDƏROV MƏDƏT ƏLİ OĞLU
1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqronom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad) aspiranturasına daxil olmuşdur. 1935-ci ildə aspiranturanı bitirmiş və dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1935-37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri işləmişdir. 1937-1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir. 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona professor adı verilmişdir.
1965-67-ci illərdə Tümen Sənaye İnstitutunda Üzvi kimya kafedrasının müdiri və Kimya texnologiyası fakültəsinin dekanı işləmişdir. 1967-1968-ci illərdə isə İvano-Frankovski adına Neft və Qaz İnstitutunda Kimya kafedrasına rəhbərlik etmişdir. 1968-ci ildən ömrünün sonunadək EA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində işləmişdir.
Elmi-tədqiqat işləri polikondensləşmə üsulu ilə poliefirlərin alınması və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə və mümkün tətbiq sahələrinin müəyyən edilməsinə həsr olunmuşdur. 60 elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.