SADIQOV ZİYƏDDİN ƏJDƏR OĞLU
22 dekabr 1934-cü ildə anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1959-cu ildə oranı fərqlənmə diplomu ilə başa vuraraq aspiranturada saxlanılmışdır. 1959-1962-ci illərdə BDU-nun Kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun Üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən YMB kimyası kafedrasında dosent işləmiş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Apardığı elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır. Dəfələrlə beynəlxalq və ümumittifaq konfrans və simpoziumlarda iştirak etmişdir. BDU-nun «Elmi əsərləri» kimya seriyasının məsul katibi və redaktor müavini olmuşdur.
«Əməkdə fərqlənməyə görə» medalı, «Əlaçı ali məktəb işçisi» fəxri döş nişanı, «Elmi biliklərin təbliği və yayılması sahəsindəki səmərəli fəaliyyətinə görə» və «Bilik» cəmiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.