QULİYEV ƏLİHÜSEYN AĞAƏLİ OĞLU
10 iyun 1929-cu ildə anadan olmuşdur. 1947-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş və IV kursdan ali təhsilini davam etdirmək üçün Nijni-Novqorod Dövlət Universitetinə göndərilmişdir. 1952-ci ildə universiteti bitirdikdən sonra Tomsk şəhərində 1953-cü ilədək kimyaçı-mühəndis vəzifəsində işləmişdir. 1954-cü ildə BDU-nun Analitik kimya kafedrasında laborant kimi əmək fəaliyyətində olmuş, 1954-1957-ci illərdə AMEA-nın Fizika-Riyaziyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1958-59-cu illərdə həmin institutda böyük elmi işçi, 1959-1968-ci illərdə isə «Yarımkeçiricilərin fiziki-kimyəvi tədqiqi» laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1964-cü ildə «Fiziki kimya» ixtisası üzrə professor adına layiq görülmüşdür. 1968-ci ildə BDU-nun Fiziki və kolloid kimya kafedrasının professoru seçilmiş, 1983-cü ildən həmin kafedraya rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə BDU-da Yarımkecirici materialların termodinamikası Elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
Fiziki kimya sahəsində yeni istiqamət və elmi məktəb yaratmış görkəmli alimdir. Elmi tədqiqatlarının əsas istiqamətlərini yarımkeçirici kristalların alınması, təmizlənməsi, onlara aşqar vurulması, yeni yarımkeçirici fazaların axtarışı və onların xassələrinin tədqiqi təşkil edir. Rəhbərliyi ilə tallium xalkogenlərin ədəbiyyatda məlum olmayan 70 yeni yarımkeçirici birləşməsi alınmışdır. Yarımkeçirici materialların termodinamikası sahəsində apardığı elmi tədqiqatların nəticələri əsasında kimyəvi qaz daşıyıçı reaksiyaların köməyi ilə monokristalların yetişdirilməsinin optimal texnoloji rejimləri müəyyən edilmişdir. Üçlü sistemlərin termodinamiki xassələrini ümumiləşdirmiş və termodinamik xassələrin analitik ifadəsi üçün interpolyasiya tənliyini təklif etmişdir.
Elmi fəaliyyətinin nəticələri MDB və xaricdə dərc edilən 300 məqalədə öz əksini tapmışdır. Rəhbərliyi ilə 3 elmlər doktoru, 24 elmlər namizədi hazırlamışdır.