ƏKBƏROV OKTAY HÜMMƏT OĞLU
10 oktyabr 1939-cu ildə anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə universitetin aspiranturasına qəbul olunmuş və 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1989-cu ildə professor elmi adı almışdır. 1965-ci ildə BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989-cu ildən BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının professorudur. 1993-1994-cü illərdə Türkiyə Respublikasında Cümhuriyyət Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. 1994-cü ildən indiyədək BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri vəzifəsində çalışır.
Elmi fəaliyyəti əsasən allil monomerlərinin kompleks əmələgətiricilərlə radikal homo- və birgə polimerləşmə reaksiyalarının nəzəri və təcrübi məsələlərinin tədqiqinə aiddir. Yerli və xarici elmi məqalələrdə dərc edilmiş 200-ə yaxın elmi əsərin müəllifidir. Onlardan 30-a yaxını xaricdə nəşr olunan nüfuzlu jurnallarda çap olunmuşdur. Aparılan tədqiqatların praktiki nəticələrinə aid 5 müəlliflik şəhadətnaməsi və Azərbaycan Respublikasının 5 patentini almışdır. Rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ali və orta məktəblər üçün Azərbaycan dilində bir sıra dərslik və dərs vəsaitləri hazırlamışdır. Əməkdar müəllim fəxri adına layiq görülmüş, Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.