AĞAYEV ADIŞ BALAŞ OĞLU
10 mart 1939-cu ildə anadan olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş, 1963-cü ildə oranı bitirmiş və təyinatla BDU-da saxlanmışdır. Universitetin Ümumi və qeyri-üzvi kimya kafedrasında laborantlıqdan professor vəzifəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə «Qeyri-üzvi kimya» ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1974-1978-ci illərdə Əlcəzairin Ənnaba Universitetində elmi-pedaqoji fəaliyyətdə olmuşdur. Həmin illərdə o, mühazirə və laboratoriya dərsləri aparmaqla yanaşı universitet tələbələri üçün ümumi həcmi 60 çap vərəqi olan 4 dərslik və dərs vəsaiti hazırlayıb çap etdirmişdir.
Əsas tədqiqat obyekti lantanoidlərin iştirakı ilə I, II qrupların d-elementləri və III qrupun p-elementlərinin xalkogenidlərinin sintezi və tədqiqindən ibarətdir. Onun tərəfindən çoxlu üçlü birləşmələr sintez edilmiş, ilk dəfə onların monokristalları alınmış və bəzilərinin tətbiq sahələri müəyyən edilmişdir. Elmi-pedaqoji fəaliyyəti 150 elmi əsərdə, o cümlədən 12 monoqrafiya, 6 müəlliflik şəhadətnaməsi, dərs vəsaiti və metodik göstəricidə öz əksini tapmışdır. Rəhbərliyi ilə 3 elmlər namizədi hazırlanmışdır. MDB ölkələrində, Əlcəzair və Çexiyada keçirilən konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi kimya üzrə Vahid Elmi-Metodik Şurasının elmi katibi, BDU nəzdində alimlik dərəcələri verən İxtisaslaşmış Elmi Şuranın üzvü olmuşdur.