HACIYEV SƏRDAR MƏHƏMMƏD OĞLU
22 aprel 1940-ci ildə anadan olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuş, 1962-ci ildə oranı bitirmişdir. Həmin ildə Sankt-Peterburq Dövlət Universitetinin kimya fakültəsində məqsədli aspiranturaya daxil olmuşdur. 1966-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-ci ildən BDU-nun Fiziki kimya kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində elmi-pedaqoji fəaliyyətdə olmuşdur. 1989-94-cü illərdə BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə «Ümumi və qeyri-üzvi kimya» ixtisası üzrə professor adına layiq görülmüşdür. Fiziki və kolloid kimya kafedrasının professorudur.
Elmi istiqaməti xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsaslarının yaradılması və elementlərin elektron quruluşuna görə xassələrinin proqnozlaşdırılmasına həsr olunmuşdur. Bu məqsədlə quruluş, termodinamiki xassələrdə səbəb-nəticə əlaqələri analizi /KYURİ prinsipi/ tətbiq edilərək kompüter modelləşdirilməsi üsulu ilə oxşar sinif birləşmələrinin xassələri riyazi tənliklərlə ifadə edilmişdir.
Apardığı elmi-tədqiqat işlərinin nəticələri 90-dan çox elmi əsərdə, o cümlədən, 3 tədris kitabında, 4 müəlliflik şəhadətnaməsində, 1 tətbiqi attestatda öz əksini tapmışdır. 4 elmlər namizədi hazırlamış, 20-yə qədər Beynəlxalq və Ümumittifaq konfranslarında məruzə ilə çıxış etmişdir. Təhsil Nazirliyinin 7 fəxri fərmanı ilə təltif edilmişdir. 1973-76-ci illərdə Əlcəzairdə Bumerdes Elmi-Tədqiqat Mərkəzində «Fiziki kimya»nı fransız dilində tədris etmişdir.