HACIYEV MEYVƏDDİN MAHMUD OĞLU
1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirmişdir. 1958-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş, 1965-ci ildə təhsilini başa vurmuşdur. 1960-ci ildən EA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant, baş laborant, baş texnik və mühəndis vəzifələrində, sonralar Ümumittifaq Elmi-Tədqiqat Texniki Təhlükəsizlik İnstitutunda mühəndis, Zəylik Filizçıxarma Baş İdarəsində baş mühəndis vəzifələrində işləmişdir. 1967-ci ildən Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasında laborantdan professor vəzifəsinə qədər yüksəlmişdir. 1973-cü ildə namizədlik, 1992-ci ildə «Üzvi kimya» ixtisası üzrə doktorluq dissertasiyası müdaifə etmişdir. 1995-ci ildə «Neft-kimyası və kimya texnologiyası» ixtisası üzrə professor adına layiq görülmüşdür.
Əsas elmi istiqaməti halogenefirlərin doymamış karbohidrogenlərə birləşmə reaksiyalarının tədqiqi, birləşmə məhsulları əsasında yeni pestisid, inhibitor və flotoreagentlərin alınmasından ibarətdir. Metalların korroziyasına qarşı inhibitorların sintezi və tətbiqi, kənd təsərrüfatı zərərvericilərinə qarşı pestisidlərin sintezi və tətbiqi sahəsində tanınmış mütəxəssislərdən biridir. Elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya, 5 dərslik və dərs vəsaitində, 170-dən çox elmi əsərdə, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və patentlərdə özünü əks etdirir. Macarıstanda Budapeşt Texniki Universitetində, Slovakiyada Bratislava Dövlət Universitetində elmi stajkeçmədə olmuş və elmi məruzələrlə çıxış etmişdir.