HÜSEYNOV QASIM ZÜLFƏLİ OĞLU
25 may 1940-cı ildə anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1963-cü ildə BDU-nun kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, EA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, həmin il professor elmi adına layiq görülmüşdür. 1966-1977-ci illərdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində işləmişdir. 1977-ci ildən müsabiqə yolu ilə pedaqoji işə keçərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent və 1984-cü ildən Kimya kafedrasının müdiri vəzifəsində işləmişdir. 1989-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. 1996-cı ildən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının professoru, 2007-ci ildən isə həm də BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin direktorudur.
Elmi fəaliyyəti, əsasən, yeni üzvi maddələrin alınma üsullarına, onların aşqar, inhibitor və analitik reagent kimi tədqiqinə həsr olunmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 197 elmi əsərin, o cümlədən 18 ixtiranın müəllifidir, bu ixtiralardan ikisi xalq təsərrüfatında tətbiq olunur. Rəhbərliyi ilə bir elmlər doktoru, 8 elmlər namizədi hazırlanmış, 12 magistr dissertasiyası yerinə yetirilmişdir.
“Şərəf nişanı” ordeni ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.031 Dissertasiya Şurasının üzvüdür.