ALLAHVERDİYEV MİRZƏ ƏLƏKBƏR OĞLU
15 sentyabr 1947-ci ildə anadan olmuşdur. 1965-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə fərqlənmə diplomu ilə bitirərək, EA-nın Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezinin nəzəri əsasları və təsir mexanizmi” laboratoriyasına “Üzvi kimya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildə professor elmi adı almışdır. 1973-1988-ci illərdə EA-nın Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən həmin laboratoriyanın müdiri vəzifəsini icra etmişdir. 2000-ci ildə müsabiqə yolu ilə BDU-nun “Üzvi kimya” kafedrasına professor vəzifəsinə seçilmişdir. AMEA-nın Kimya Bölməsinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunda “Aşqarların sintezinin nəzəri əsasları və təsir mexanizmi” laboratoriyasına da rəhbərlik etmişdir.
Çoxcəhətli elmi-tədqiqat işlərinin nəticələri yerli və xarici nəşrlərdə dərc edilmiş 850 elmi əsərdə, o cümlədən 20 kitabda, 105 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Rəhbərliyi ilə 3 elmlər doktoru və 27 elmlər namizədi və ya fəlsəfə doktoru hazırlanmışdır. 1990-cı ildən Respublikada fəaliyyətdə olan doktorluq dərəcəsi verən Müdafiə şuralarının üzvü olmuşdur. 2000-ci ildən BDU-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi olub.
“Qabaqcıl təhsil işçisi” döş nişanına və “Tərəqqi” medalına layiq görülmüş, “Akademik Yusif Məmmədəliyev adına medal“la, AMEA-nın Fəxri fərmanları ilə təltif olunmuşdur.