BABAYEV FİKRƏT RZAQULU OĞLU
1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini «Lenin» təqaüdü ilə bitirərək «Qeyri-üzvi kimya» ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir.
1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə «Neft kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. Elmi tədqiqatlarının sahəsi neft və qazın geokimyası, neftin heterokomponentləri, Cənubi Xəzər çökəkliyi timsalında neftlərdə izoprenoid karbohidrogenlərin paylanmasının tədqiqidir. Elmi-pedaqoji fəaliyyəti 3 monoqrafiya, 1 dərslik, 6 kitab, 130-dan çox elmi əsərdə öz əksini tapmışdır. Elmi əsərləri MDB ölkələrində, Çexiya, Avstraliya, Almaniya, Macarıstan və Bolqarıstan kimi xarici ölkələrdə nəşr edilmişdir.
1994-cü ildən Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvüdür. 1997-1998-ci illərdə Beynəlxalq «Azərbaycan geoloqu» adlı elmi bülletenin baş redaktoru, 2000-2006-cı illərdə isə «Bilgi» (kimya, biologiya və tibb seriyası) dərgisinin redaktoru olmuşdur. Respublika Lenin komsomolu mükafatı laureatıdır. «Əməkdar ali məktəb işçisi» adına layiq görülmüşdür.