İLYASLI TEYMUR MƏMMƏD OĞLU
10 oktyabr 1948-ci ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 1970-ci ildə təyinatla Dəvəçi rayonunun Dağbilici kəndində kimya müəllimi işləmişdir. 1971-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna baş laborant vəzifəsinə işə götürülmüşdür. 1974-ci ildə həmin İnstitutun aspiranturasına daxil olmuşdur. 1979-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə Bakı Dövlət Universitetində tədris laboratoriyasının müdiri, 1988-ci ilədək «Qeyri-üzvi metarialşünaslıq» Elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə professor elmi adı almışdır.
Elmi tədqiqatlarında ilk dəfə olaraq LnAs4X7, LnAs2X4, Ln3As4X9, LnAsX3 tipli yeni sinif birləşmələr sintez edilmişdir. Onların monokristalları alınmış, quruluş tipləri müəyyən edilmiş və birləşmələrin əmələ gəlməsinin kristallokimyəvi mexanizmi verilmişdir. Şüşəəmələgəlmə sahəsi ilə hal diaqramları arasında qarşılıqlı əlaqə, atom və molekulların koordinasiyasının şüşəəmələgəlmədə rolu müəyyənləşdirilmişdir.
350-dən çox elmi əsərin, 4 dərslik və dərs vəsaitinin müəllifidir. 8 müəlliflik şəhadətnaməsi və beş patent almışdır. Müəlliflik şəhadətnamələri , əsasən, fotohəssas, termoelektrik və optiki materialların alınmasına aiddir. Lvov, Nalçik, Moskva, Frunze, Ujqorod, Tiflis, Qabrovo, Sürix və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Rəhbərliyi ilə 6 elmlər namizədi müdafiə etmişdir. Hazırda ümumi və qeyri-üzvi kimya kafedrasının kafedra müdiri vəzifəsində çalışır.