MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU
3 sentyabr 1950-ci ildə anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universiteti Kimya fakültəsini bitirdikdən sonra Azərbaycan EA Kataliz və Qeyri–üzvi Kimya İnstitutunun məqsədli aspiranturasına qəbul olunmuş və SSRİ EA-nın Fiziki kimya İnstitutuna ezam edilmişdir. “Fiziki kimya” ixtisası üzrə 1975-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə professor elmi adı almışdır. 1974-91-ci illərdə AMEA-nın Kimya Problemləri İnstitutunda mühəndis, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildə Bakı Dövlət Universitetinə işə qəbul olunmuş və 1999-cu ilə qədər Fiziki və kolloid kimya kafedrasının professoru vəzifəsində işləmişdir. 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Fiziki kimya (2004-cü ildən – fiziki və analitik kimya) kafedrasının müdiri seçilmişdir və hazırda bu vəzifədə işləyir. Həmin kafedranın nəzdində fəaliyyət göstərən «Ekoloji kataliz» elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir.
Səth hadisələrinin fiziki kimyası sahəsində əsərləri ilə beynəlxalq miqyasda tanınmış alimdir. Əsas tədqiqat obyektləri sırasına sənayenin bir çox sahələrində effektiv sorbentlər və katalizatorlar kimi tətbiq olunan təbii və sintetik seolitlər daxildir. Seolit sistemlərinin tədqiqində yeni istiqamət inkişaf etdirmişdir. Elmi-tədqiqat işlərinin nəticələri xaricdə və respublikada dərc olunmuş 300-ə qədər elmi əsərində və 3 ixtirada öz əksini tapmışdır. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 18 kimya elmləri namizədi və 1 kimya elmləri doktoru hazırlanmışdır. Bir çox metodiki işlərin və «Kolloid kimya» dərsliyinin müəlliflərindən biridir.
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının kataliz elmi istiqaməti üzrə Problem Şurasının, ADNA-nın Elmi Şurasının, Kimya-texnologiya fakültəsinin Elmi Şurasının üzvüdür. «Tərəqqi» medalı ilə təltif olunmuşdur.