YUSİBOV YUSİF ƏMİRALI OĞLU
20 aprel 1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək SSRİ Elmlər Akademiyası N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun (ÜKİ) aspiranturasına qəbul olmuş və həmin institutda 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-1981-ci illərdə Moskva şəhərində ÜKİ-də kiçik elmi işçi vəzifəsində işləmişdir. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında çalışmış, 1981-1989-cu illərdə həmin akademiyanın Kimya kafedrasında dosent vəzifəsini tutmuşdur.
1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1996-cı ildə professor elmi adı almışdır. 1995-1996-cı illərdə Kimya kafedrasının professoru, 1996-1997-ci illərdə isə həmin kafedranın müdiri işləmişdir. 1997-ci ildən BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru vəzifəsinə keçmişdir. 2011-ci ildən Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 2014-cü ildən rektoru vəzifəsində işləyir.
Apardığı elmi-tədqiqat işlərinin nəticəsində üçlü yarımkeçirici halkogenid sistemlərinin faza tarazlıqlarının və termodinamiki xassələrinin tədqiqi praktikasına kristallik superion elektrolitli elektrik hərəkət qüvvəsi metodu daxil edilmiş və bununla da üçlü yarımkeçirici halkogenid sistemlərinin kompleks tədqiqi metodologiyasına yenilik gətirilmişdir. Bu baza əsasında yarımkeçirici texnikası üçün vacib olan qeyri-üzvi birləşmələrin müəyyən bir sinfinin-mis və gümüşün üçkomponentli halkogenidlərinin alınmasının fiziki-kimyəvi əsası yaradılmışdır. Elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya, 4 dərs vəsaiti və 100-ə qədər elmi əsərdə öz əksini tapmışdır. 1 elmlər namizədi hazırlamışdır.