ÇIRAQOV FAMİL MUSA OĞLU
30 iyun 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1984-cü ildə oranı bitirmişdir. 1987-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2004-cü ildə professor elmi adı almışdır. 1980-ci ildə BDU-nun Analitik kimya kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, laborant, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır, 2006-cı ildən həmin kafedraya rəhbərlik edir. 2006-cı ildə akad. Y.Məmmədəliyev adına mükafatın laureatı adına layiq görülmüşdür.
Elmi fəaliyyəti, əsasən, metal ionlarının təyini və sorbsiya metodu ilə qatılaşdırılması üçün yeni üzvi reaktivlər və sintetik xelat sorbentlərin tədqiqi ilə əlaqədardır. Bir sıra metal ionlarının təyini və qatılaşdırılması üçün praktik əhəmiyyət kəsb edən metodikalar işləmiş və kompleks birləşmələrin quruluşu və analitik xassələri arasında asılılıqları müəyyən etmişdir. 450-dən çox elmi əsərin, o cümlədən 7 dərslik, 4 dərs vəsaiti, 2 tərcümə, 1 kitabın 5 metodik vəsait və 15 tədris proqramının, orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş 1 dərs vəsaitinin müəllifidir. 14 ixtiraya görə patent almışdır. Onun rəhbərliyi ilə 30-dan artıq magistr dissertasiyası yerinə yetirilmiş, 18 namizədlik dissertasiyası müdafiə edilmişdir. Kimya fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D 02.011 Dissertasiya Şurasının üzvüdür.