MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU
16 oktyabr 1970-ci ildə anadan olmuş, 1988-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin il BDU-nun kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının nəzdində fəaliyyət göstərən «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» elmi-tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 2004-cü ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1997-2007-ci illərdə «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» ETL-ində kiçik elmi işçi, 2007-ci ildən Neft kimyası və kimya texnologiyası kafedrasının dosenti, 2013-cü ildən isə BDU-nun Elmi Şurasının qərarı ilə professoru vəzifəsində çalışır.
İlk dəfə praktiki əhəmiyyət kəsb edən xalkon, flavanon, digər fenol sıra birləşmələrin sintezini apararaq onların məhlullarını 1H, 13C, 31P, 17O və s. NMR metodları ilə öyrənmiş, quruluş və xassə arasında olan qanunauyğunluqları araşdırmışdır. 120-dən çox elmi əsərin, o cümlədən 4 kitab və 5 patentin müəllifidir. BDU-da fəaliyyət göstərən Dissertasiya və fakültə Elmi şuralarının üzvüdür.