MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU
1941-ci ildə Naxçıvan Pedaqoji Texnikumu bitirmişdir. 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir, 12 medal və ordenlə mükafatlanmışdır. 1949-cu ildə ADU-nu, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdir. 1953-1955-ci illərdə Azərbaycan SSR EA-nın Kimya İnstitutunda elmi katib, 1955-1959-cu illərdə SSRİ EA-nın N.D.Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959-1969-cu illərdə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973-1979-cu illərdə isə Azərbaycan SSR EA Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal mənbələrinin karbon qazının sənayedə istifadə texnologiyasını işləyib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. O, yeni növ sintetik sürtgü yağlarının alınması sahəsində geniş miqyaslı tədqiqat işlərinin nəticəsi olaraq hərbi tələbata cavab verən müasir sürtgü yağlarının alınmasını işləyib hazırlamışdır. 1969-cu ildən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir. Akad. M.Ə.Məmmədyarovun elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, respublika və xaricdə çap olunmuş 220-dən artıq elmi məqalə və 40 ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 1 elmlər doktoru, 13 elmlər namizədi hazırlanmışdır. Onun xidmətləri 12 hökumət təltifi ilə qiymətləndirilmişdir. 1998-ci ildə Y.Məmmədəliyev adına mükafata layiq görülmüş, 13 oktyabr 2014-cü ildə «Şərəf» ordeni ilə təltif edilmişdir.