SEYİDOV NADİR MİRİBRAHİM OĞLU
1955-ci ildə ADU-nu bitirmişdir. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasını bitirib. Baş elmi işçi (1960), elastomerler laboratoriyasının (1962-1978), şöbə rəhbəri (1979-1993), Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elm üzrə direktor müavini (1993-1997) vəzifələrində işləyib. 1997-ci ildən baş elmi işçi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib. 1969-cu ildə «Yüksəkmolekullu birləşmələr kimyası» üzrə professor adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Onun əsas tədqiqat obyekti YMB kimyası və neft-kimya sintezidir. Apardığı tədqiqatlar arasında olefinlər əsasında termoplastların alınması və onun quruluşunun tədqiqi xüsusi əhəmiyyət kəsb edir. N.M.Seyidovun elmi fəaliyyəti 4 elmi monoqrafiyada, 300 elmi əsərdə, o cümlədən 102 müəlliflik şəhadətnaməsində və 20 xarici ölkənin patentində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 33 elmlər namizədi hazırlanmışdır. N.M.Seyidov əmək fəaliyyətinə görə 2012-ci ildən prezident təqaüdü alır, «Şərəf nişanı» ordeni və bir sıra medallarla təltif edilmişdir.