FƏRZƏLİYEV VAQİF MƏCİD OĞLU
1963-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub, 1968-ci ildə «Sürtgü yağlarına polimer aşqarların sintezi və tədqiqi» mövzusunda namizədlik, 1986-cı ildə isə «Sürtgü yağlarına kükürdsaxlayan aşqarlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə «Neft kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. Həmin ildən AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorudur. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtgü yağları və yanacaqlara yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının hazırlanması təşkil edir. Yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistemli fundamental tədqiqatlar aparır. Onun apardığı çoxsahəli elmi-tədqiqat işlərinin nəticəsi 290 elmi əsərdə, o cümlədən 50 müəlliflik şəhadətnaməsində və 6 patentdə öz əksini tapmışdır. O, 3 elmlər doktoru və 15 elmlər namizədi yetişdirmişdir. Vaqif Fərzəliyev 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü və AMEA RH-ın akademik-katibi seçilib (2007-2014). 2005-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib.