ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI
1956-cı ildə ADU-nun kimya fakültəsini bitirdikdən sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1960-cı ildə ADU-nun analitik kimya kafedrasında Analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olmuş və «Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə isə dosent vəzifəsinə seçilmiş, doktorluq dissertasiyasını müdafiə edərək analitik kimya ixtisası üzrə professor elmi adını almışdır. Hazırda BDU-da «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının müdiri, analitik kimya kafedrasının professoru olub. R.Ə.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. Spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbazo, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələrinin tədqiqi ilk dəfə olaraq R.Ə.Əliyeva tərəfindən aparılmışdır. O, germaniumun fotometrik təyini üçün metodika təklif etmiş və bu metodika mürəkkəb tərkibli nümunələrdə germaniumu təyin etmək üçün tətbiq edilmişdir.
Akademik R.Ə.Əliyeva 2000-ci ildə əməkdar elm xadimi adına layiq görülmüşdür. 2007-ci ildə AMEA-nın müxbir üzvi, 2014-cü ildə AMEA-nın həqiqi üzvi seçilmişdir. O, 450-dən çox elmi əsərin, 17 patentin və 20-dən çox dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr edilmiş 19 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.