TAĞIYEV DİLQƏM BƏBİR OĞLU
1966-cı ildə ADU-nun kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (QÜFKİ) aspiranturasına daxil olmuş, elmi tədqiqat işini yerinə yetirmək üçün SSRİ EA Üzvi Kimya İnstitutuna ezam edilmişdir. 1975-1985-ci illərdə Azərbaycan EA QÜFKİ-də «Kataliz» laboratoriyasında mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.
1975-ci ildə SSRİ EA N.Zelinski adına ÜKİ-nin elmi şurasında üzvi kimya ixtisası üzrə «Olefinlərin seolit katalizatorları üzərində çevrilmələri» mövzusunda namizədlik, 1984-cü ildə isə həmin İnstitutun İxtisaslaşma Elmi Şurasında «Oksidləşdirici-dehidrogenləşmə və piroliz prosesləri üçün seolit və element silikatlar əsasında və yeni katalitik sistemlər» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Onun elmi-pedaqoji fəaliyyətləri 300 elmi əsərdə, o cümlədən 2 monoqrafiya, 8 dərslik və tədris-metodik vəsaitlərində, 33 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. O, 2 elmlər doktoru, 9 elmlər namizədi hazırlamışdır. 1986-cı ildə «Əməkdə fərqləndiyinə görə» medalı ilə təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Tibb Universitetinin «Biofizika və bioüzvi kimya» kafedrasının müdiri, 2014-cü ildən AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktorudur.