ƏZİZOV AKİF HƏMİD OĞLU
1960-cı ildə ADU-nun kimya fakültəsinə qəbul olub, 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir. 1971-ci ildə «Nikelin p-allil komplekslərinin və halogen xinonlarının iştirakı ilə butadienin stereospesifik polimerləşməsi» mövzusunda namizədlik, 1991-ci ildə «Liqandların və zəif metal-liqand əlaqələrinin oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində rolu» mövzusunda «Kimyəvi kinetika və kataliz» və «Neft-kimyası» ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə professor adına layiq görülmüşdür.
Prof. A.H.Əzizovun apardığı tədqiqatların nəticələri 200-ə yaxın elmi əsərdə, o cümlədən 1 monoqrafiyada, 30 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 7 elmlər namizədi hazırlanmışdır. 1984-cü ildə baş elmi işçi, 1992-ci ildə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. 2014-cü ildən AMEA-nın Polimer Materialları İnstitutunun direktoru olub.