DADAŞOV BİLAL ATAŞ OĞLU
1931-34-cü illərdə İqtisadiyyat İnstitutunun fəhlə fakültəsində təhsil almış, 1939-cu ildə ADU-nu əla qiymətlərlə bitirərək, aspiranturaya daxil olmuşdur. 1944-cü ildə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. II Dünya müharibəsi illərində xüsusi dövlət tapşırıqlarını yerinə yetirmişdir. O, neft məhsullarından raket mühərrikləri üçün ilk dəfə iki növ səmərəli yanacaq və üç yeni tip katalizator almışdır. Onun kinetika və kataliz sahəsində apardığı elmi tədqiqat işləri 224 elmi əsərdə, o cümlədən 17 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Professor B.A.Dadaşovun rəhbərliyi ilə 4 elmlər doktoru və 21 elmlər namizədi yetişdirilmişdir. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Azərbaycanın «Əməkdar elm xadimi» adına layiq görülmüşdür. Müharibə iştirakçısı kimi «Qafqazın müdafiəsinə görə» və digər medallarla təltif olunmuşdur.