ƏLİZADƏ İSLAM QAFAR OĞLU
10 iyun 1910-cu ildə anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təbiət fakültəsinin Kimya şöbəsinə qəbul olunmuş və oranı 1935-ci ildə bitirmişdir. Həmin ildə təyinat ilə Qusar şəhəri Pedaqoji Texnikumunun tədris-hissə müdiri təyin edilmişdir. 1937-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasına qəbul olunmuş və bir ildən sonra Kazan Dövlət Universitetində elmi tədqiqatlarını davam etdirmişdir. 1941-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1942-ci ildə Üzvi kimya kafedrasına dosent seçilmişdir. 1945-1946-cı illərdə BDU-nun aspirantura şöbəsinin müdiri, elmi işlər üzrə prorektorun köməkçisi vəzifələrində işləmişdir. 1947-1952-ci illərdə Kimya fakültəsinin dekanı olmuşdur. 1952-1954-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Üzvi kimya kafedrasının dosenti vəzifəsində işləmişdir. 1954-1960-cı illərdə BDU-nun kimya fakültəsi Üzvi kimya kafedrasına rəhbərlik etmişdir. 1969-cu ildə “Üzvi kimya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Elmi-tədqiqat işləri α,α-dihalogenefirlərin sintez üsullarının işlənib hazırlanması, onların müxtəlif çevrilmələri və sintez edilmiş birləşmələrin fizioloji fəallığının tədqiqinə həsr edilmişdir. Etilen, dietilen və tetraetilen qlikollar xlor-brom-metilləşdirilərək qlikolların müvafiq dixlormetilləşmiş efirlərini sintez etmiş, dixlormetilefirlər əsasında tetrakarbetoksidialkil efirlərin, dördəsaslı turşuların sintez üsulunu işləyib hazırlamışdır. Rəhbərliyi ilə tsiklik sulfonların alınması və xassələrinin tədqiqi sahəsində sistemli işlər aparılmışdır. Elmi-tədqiqat işlərinin nəticələri 100 elmi əsərdə, o cümlədən 1 kitabçada və 5 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır.
1943-46-cı illərdə BDU Həmkarlar Təşkilatının sədri, Elmi Şuranın və bir sıra ixtisaslaşmış müdafiə şuralarının üzvü olmuşdur. “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibəsi illərində əmək rəşadətinə görə” və digər medallarla təltif edilmişdir.