Heydər Əliyev yaratdığı müasir Azərbaycan dövlətçiliyinin özü kimi əbədidir
Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın bütün inkişaf və tərəqqi yollarını öz dühası ilə işıqlandırdı. Milli ideologiyamızın və müstəqilliyimizin baş memarı oldu. XX əsr Azərbaycan tarixinin əlli ilindən çoxu Heydər Əliyevin şəxsiyyəti, onun quruculuq fəaliyyəti ilə sıx bağlıdır.
Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuq işinə hələ 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməmişdən əvvəl - XX əsrin 40-cı illərində başlamışdır. Azərbaycan tarixinin 35 illik dövrü ulu öndərin adı ilə bağlıdır. O, bu illər ərzində Azərbaycana görə məsuliyyəti bir vətəndaş kimi öz çiyinlərində daşımış, ölkəsi və xalqı ilə birlikdə ağır və çətin sınaqlardan keçmiş, müstəqil respublika, onun bugünkü gerçəkliklərini yaratmış, işıqlı gələcəyin təməlini qoymuşdur. Bütün bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dirçəlişi onun adı ilə bağlıdır.
XX əsrin axırında Azərbaycanda dövlətçilik ənənələrinin dirçəldilməsi, dönməz xarakter almış müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin qətiyyətlə irəliyə doğru hərəkət etməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev "Öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - söyləməklə başlamışdı. Azərbaycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi və nə yaxşı ki, Heydər Əliyev kimi böyük mütəfəkkir bu şansdan istifadə edərək xalqını da öz arxasınca bu yolla apara bildi, xalq isə seçdiyi, ümidvar olduğu öndərin bu tarixi quruculuq missiyasından azadlığını və liderini qazandı. Yeni dövlətçiliyin ən yeni tarixi də məhz həmin andan yazılmağa başladı. Tarixi yaradan da, yazan da Heydər Əliyev özü idi. Biz ancaq müşahidələrimizi söyləyə və yaza bilirik. Böyük Heydər Əliyevin fiziki itkisi ilə barışmaq mümkün deyil. Bu gün onun bizimlə birlikdə olmamasından nə qədər acılar duysaq da, hər halda, təsəlli də bir o qədər böyükdür.
Heydər Əliyev yaratdığı müasir Azərbaycan dövlətçiliyinin özü kimi əbədidir. Bu, yalnız siyasətçilərin, toplumun düşüncəsi deyil, zamanın qənaətidir! Azərbaycan xalqı əsrlər boyu bir-birindən ağır tarixi sınaq-lardan keçib və öz müqəddəratını şərəflə həll edib. Millətin mübarizələrlə zəngin tarixində qazancı da, itkisi də azadlıq idealı kimi böyük olub. İyirminci yüzilin əvvəllərində olduğu kimi, sonlarında da hadisələrin və qərarların arxasında millətin qüruru dayanmışdı. Sovetlər birliyinin dağılması ilə bir arada Azərbaycanın qürur və qətiyyət sahibləri bütün vəziyyətlərdə reallığı nəzərə alaraq öz düşüncəsilə, iradəsilə hərəkət edərək ürək sözünü dedi. Xalq 1993-cü ildə Heydər Əliyevin yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə qayıtmasını tələb edəndə nə qədər ağılla, təmkinlə hərəkət etmişdisə İlham Əliyevin şəxsində öz yeni prezidentini - yeni liderini seçəndə də o səviyyədə mübarizlik, müdriklik göstərdi. İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu.
Səkinə Mirzəliyeva,
Bakı Dövlət Universitetinin Fiziki və kolloid kimya kafedrasmın dosenti,
"İlin müəllimi" medalı mükafatçısı