20-09-2020
 

Akademik Rəfiqə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümüdür.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Universitetin Analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışmış, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin il də professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademikdir.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişmişdir.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

2018-ci ildə “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və səmimi, mehriban insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ