Fakültəmizin əməkdaş və tələbləri II Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət etdilər
Bu gün qüdrətli, müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifələrin yazılmağa başladığı gündən bir il ötür. 2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı. 44 gün davam edən müharibə zamanı xalqımız birlik və fədakarlıq göstərərək ölkə başçısının ətrafında sıx birləşdi. Azərbaycan əsgəri yüksək rəşadət nümayiş etdirib dünya hərb tarixində yeni nailiyyətlərə imza atdı. Məhz peşəkarlıq Azərbaycan ordusunun az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı. 27 sentyabr 2020-ci il, həsrətli, ümidsiz, qaranlıq günlərimizə Zəfər günəşinin doğduğu gündür! 27 sentyabr - müqəddəs Şəhidlərimizin Anım Günündə torpaqlarımız uğrunda canlarından keçən soydaşlarımızı bir daha ehtiramla anırıq. Kimya fakültəsinin əməkdaş və tələbləri Azərbaycanda Anım Günü ilə əlaqədar II Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət etdi. Xalqımıza Qələbə bəxş edən şəhidlərimizin ruhlarına dualar oxundu, məzarları üstünə gül-çiçəklər düzüldü. Ruhunuz şad, məkanınız cənnət olsun əziz şəhidlərimiz. Bu günlərimiz üçün Sizlərə borcluyuq. Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq. Qarabağ Azərbaycandır!