06-05-2022
 

AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın anım günüdür.
Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən BDU-da, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960-1963-cü illərdə BDU-nun Kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Universitetin Analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır. Görkəmli akademik 2017-ci il mayın 6-da əbədiyyətə qovuşub.
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.
Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y. Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.
Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.
Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

Digər yazılar

ESMİRA EYYUBOVANIN TƏQDİMATINDA ELMİ SEMİNAR KEÇİRİLİB

“KİMYA VƏ KİMYA TEXNOLOGİYASI” RESPUBLİKA ELMİ KONFRANS

ORTA MƏKTƏBDƏ “KİMYA GECƏSİ” KEÇİRİLİB

İNTERAKTİV TƏLİM MÖVZUSUNDA ELMİ SEMİNAR

“LET’S TALK TOGETHER” CONVERSATİONU KEÇİRİLİB

PROFESSORUN TƏQDİMATINDA NÖVBƏTİ ELMİ SEMİNAR

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİN TƏŞƏBBÜSÜ İLƏ ELMİ SEMİNAR

SAĞLAM QİDALANMA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ FORUMU

"İNSANLIĞIN BİLİNMƏYƏN TƏRƏFİ" ADLI TƏDBİR KEÇİRİLİB

KOMANDAMIZI TƏBRİK EDİRİK!

"NƏ? HARADA? NƏ ZAMAN?" İNTELLEKTUAL YARIŞI

AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR BAŞ TUTDU

ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB

"ŞUŞA, SƏN AZADSAN!" ADLI TƏDBİR

NAMİQ ŞIXALİYEVİN TƏQDİMATINDA ELMİ SEMİNAR KEÇİRİLİB

ÜMUMMİLLİ LİDERİMİZ VƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM MODELİ

AKADEMİK VAQİF FƏRZƏLİYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"BİZ DƏ HAMI KİMİYİK" ADLI TƏDBİR KEÇİRİLİB